четверг, 13 ноября 2008 г.

ŞƏKİ BƏLƏDİYYƏLƏRİ “AZƏRBAYCANDA YERLİ DEMOKRATİYA HƏFTƏSİ”NƏ CİDDİ HAZIRLAŞIRLAR


Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının konfrans zalında Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının təşkilatçılığı ilə noyabrın 17-dən 23-dək respublikamızda keçiriləcək “Azərbaycanda yerli demokratiya həftəsi”nə hazırlıqla əlaqədar müşavirə keçirilmişdir. Müşavirəni giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq respublikamızda artıq ikinci dəfə keçiriləcək “yerli demokratiya həftəsi”nin əhəmiyyətini xüsusi qeyd etmiş, bələdiyyələri “həftə”də fəal iştirak etməyə çağırmışdır. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev, Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının departament direktoru Qasım Qasımov, Kənd Bələdiyyələri Milli Assosiasiyasının nümayəndəsi Vüsal Paşayev çıxış edərək, bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi və qarşıya çıxan problemlərin həllinə birgə nail olmaq məqsədi ilə son vaxtlar milli assosiasiyalar tərəfindən konkret tədbirlərin həyata keçirildiyini bildirmişlər. Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin dəstəyi və milli assosiasiyaların təşkilatçılığı ilə 2007-ci il noyabrın 5-dən 11-dək Azərbaycanda ilk dəfə keçirilən “yerli demokratiya həftəsi”nin bələdiyyələrin fəaliyyətində demokratik prinsiplərin gücləndirilməsinə müsbət təsir göstərdiyini vurğulayan natiqlər, bələdiyyələri bu il noyabrın 17-dən 23-dək keçiriləcək növbəti həftədə də fəal olmağa çağırmışlar. Sonra müşavirə iştirakçılarına “Həftə” ərzində yerlərdə həyata keçiriləcək tədbirlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, vətəndaşların arzu və təkliflərini öyrənmək, onları narahat edən problemlərin həlli yollarını araşdırmaq məqsədi ilə “Həftə” ərzində yerlərdə vətəndaşlarla görüşlər keçirilməli, əhaliyə görülmüş işlər barədə hesabat verilməli, bələdiyyələrdə “qaynar telefon xətti” təşkil edilməli, əhalinin sıx toplaşdığı yerlərdə “bələdiyyə poçtu” qutuları quraşdırılmalı və digər zəruri tədbirlər həyata keçirilməlidir. Müzakirələrdə bələdiyyə sədrləri çıxış edərək “demokratiya həftəsi”nin uğurla başa çatması üçün verilmiş tövsiyyələrə layiqincə əməl edəcəklərini bildirmiş, təkliflərini vermişlər.


Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti ( http://sheki-ih.gov.az/news.php?extend.109 )

Комментариев нет: