воскресенье, 19 июля 2009 г.

Şəki ipəyinin şöhrəti yenidən qayıdır

Böyük insanlar əzəmətli dağlara bənzəyir. Bu dağlardan məsafəcə aralandıqca onların böyüklüyü, əzəməti daha aydın görünür. Öz xalqının taleyində, dövlətçiliyinin inkişafında misilsiz xidmətlər göstərmiş, bu müqəddəs yolda ömrünü-gününü şam kimi əritmiş insanlar da belədir. İllər ötdükcə, zaman keçdikcə onların böyüklüyü, xalq və məmləkət yolunda etdikləri fədakarlıqlar özlərindən sonra da əsl örnək olur. Ümummilli lider Heydər Əliyev də möhtəşəm bir ömür yaşamışdır. Azərbaycanımızı çətinliklərin məngənəsindən qoparıb ayağa qaldırmış, dirçəltmişdir. Öz müdrikliyi sayəsində böyük uğurlara qovuşdurmuşdur. Azərbaycanımız məhz Heydər Əliyev siyasi kursu ilə bu gün də bir dövlət olaraq qüdrətini və nüfuzunu artırmaqdadır. Taleyimə minnətdaram ki, bu gün vaxtilə o böyük insanın - ulu öndər Heydər Əliyevin diqqət və qayğı göstərdiyi müəssisələrdən birində çalışıram. Bəli, "Şəki-İpək" ASC-nin fəaliyyətinin ən çətin dövrlərində Şəki ipəyinin şöhrətinin qaytarılması, kombinatımızın normal iş ahənginin təmin olunması üçün ulu öndər Heydər Əliyev mənəvi qayğısını əsirgəmədi, tövsiyələrini verdi. Maddi-texniki bazanın möhkəmləndirilməsi, işin səmərəliliyinin artırılması məqsədilə müəssisəmizə maddi yardım göstərilməsi barədə 2001-ci ildə sərəncam imzaladı. Həmin vaxtdan ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə "Şəki-İpək" ASC fəaliyyətini genişləndirmiş, müəyyən uğurlara nail olmuşdur. Şəkinin ən iri istehsal müəssisəsi olan "Şəki-İpək" ASC-də yeni istehsal sahəsi, pambıq sapəyirmə sexi quraşdırılmışdır. İllik istehsal gücü 1700 ton pambıq sap olan bu sexdə 120 nəfər daimi işlə təmin olunmuşdur. Ötən ilin sonlarında müəssisədə yeni, daha məhsuldar xam ipək istehsal edən baramaaçan dəzgahlar quraşdırılaraq istifadəyə verilmişdir. Çin Xalq Respublikasından gətirilən bu avadanlıq məhsulun keyfiyyətini yüksəltməklə yanaşı, burada çalışan insanların əməyinin yüngülləşdirilməsinə imkan yaratmışdır. Bir faktı qətiyyətlə demək olar ki, Şəki ipəyi, o cümlədən burada istehsal olunan xalçalar, kəlağayılar, şərflər, xammal məmulatları yenə keyfiyyəti, rahatlığı, insana faydalılığı ilə seçilir. 2006-cı ildə bölgəyə səfəri çərçivəsində rayonumuzda olarkən möhtərəm Prezident İlham Əliyev demişdir: "Bu gün ölkəmiz Heydər Əliyev yolu ilə uğurla inkişaf edir. O cümlədən Şəki şəhərinin inkişafında nailiyyətlər vardır". Həmin ili ona görə xatırladım ki, möhtərəm Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə müəssisəmizin kollektivinin görüşü indiyə qədər də hər kəsin qəlbində şirin bir xatirəyə dönmüşdür. Həmin görüş bizi daha əzmlə çalışmağa, daha böyük uğurlara ruhlandırmışdır. Bu gün "Şəki-İpək" ASC göstərilən dövlət qayğısının müqabilində daha əzmlə çalışır ki, Şəki ipəyinin şöhrəti yaşasın və istehsal etdiyimiz məhsul istehlakçı ünvanını tapmaqda çətinlik çəkməsin.
Sevil İSMAYILOVA,
"Şəki-İpək" ASC-nin həmkarlar təşkilatının sədri.

Комментариев нет: