четверг, 23 октября 2008 г.

Xəbər: ŞƏKİDƏ 2008-Cİ İLİN DOQQUZ AYININ YEKUNLARI GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR

Oktyabrın 20-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında 2008-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş şura iclası keçirilmişdir. Iclasda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovun “Şəkinin 2008-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair” hesabat məruzəsi dinlənilmişdir. Məruzəçi bildirmişdir ki, cari ilin doqquz ayının yekunlarına həsr olunmuş hesabat yığıncağı olduqca əlamətdar günlərə təsadüf edir. Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçkilərində xalqımız, o cümlədən Şəki seçiciləri yüksək fəallıq nümayiş etdirərək, ölkəmizin sabit inkişafına, tərəqqiyə, Heydər Əliyev siyasi kursuna, ən başlıcası isə sevdiyi və inandığı insana- İlham Əliyevə səs verdi. İlhan Əliyevin bu qələbəsinin önündə son beş ildə Azərbaycanda həyata keçirilən nəhəng layihələr, qazanılmış əzəmətli işlər, nailiyyətlər dayanırdı. Xalq bu seçkilərdə gələcək illərdə də bu quruculuğun, inkişafın davamlı olmasına səs verdi. Məruzədə qeyd olunmuşdur ki, oktyabrın 13-də Nazirlər Kabinetinin 2008-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin giriş və yekun nitqində ölkə üzrə əldə edilən sosial-iqtisadi uğurlar, görülən işlər hərtərəfli təhlil edilmiş, gələcək planlara toxunulmuş, hökumət üzvlərinə və digər icra strukturlarına konkret tapşırıq və tövsiyyələr verilmişdir. Ölkənin sosial-iqtisadi inkişafında, əldə edilən uğurlarda Şəkinin də özünəməxsus yeri və rolu olduğunu bildirən natiq, hesabat dövründə rayonda ümumi məhsul istehsalının 2007-ci ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz artaraq, 166 milyon 993 min manata çatdığını, büdcənin mədaxil hissəsinin ötən ilin eyni dövrünə nisbətən 51,6 faiz artdığını qeyd etmişdir. Buraxılmış məhsulun 14 faizi dövlət, 86 faizi isə özəl bölmənin payına düşür. Natiq bildirmişdir ki, iş adamlarına, sahibkarlara göstərilən qayğının nəticəsidir ki, rayon iqtisadiyyatına qoyulan sərmayə ildən-ilə artır. Sevindirici haldır ki, bu gün Şəkidə fəaliyyət göstərən sahibkarlar, iş adamları yeni istehsal sahələrinin yaradılmasında daha çox fəallıq göstərirlər. Ümumiyyətlə, 2008-ci ilin 9 ayında Şəkidə fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları tərəfindən sahibkarlara 45 milyon 464 min manat kredit verilmişdir. Hesabat dövründə rayonda 611-i daimi olmaqla, 6341 yeni iş yeri yaradılmışdır. Məruzədə qeyd olunmuşdur ki, əvvəlki illərdə olduğu kimi, 2008-ci ilin 9 ayında da rayonda kənd təsərrüfatının mövcud sahələrinin müasir elmı nailiyyətlər əsasında inkişaf etdirilməsi, məhsul istehsalının qrtırılması diqqət mərkəzində saxlanılmış, ərzaq təhlükəsizliyi məsələlərinin xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alınaraq, rayonda aqrar sahənin dinamik inkişafı üçün bütün zəruri tədbirlər görülmüşdür. Taxılçılığın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2008-ci ildə Şəkinin tarixində ilk dəfə olaraq 211 min ton taxıl istehsal olunmuşdur. Bu, əvvəlki illə müqayisədə 100 min ton çoxdur. Hesabat dövründə üzümçülüyün inkişafı istiqamətində də mühüm işlər görülmüş, 3 hektar sahədə yeni üzüm bağı salınmış, köhnə bağların bərpasına başlanılmışdır. Natiq bildirmişdir ki, şübhə yoxdur ki, Çələbixan qəsəbəsi yaxınlığında inşası davam etdirilən yeni üzüm emalı müəssisəsinin fəaliyyətə başlaması rayonda üzümçülüyün inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Zavodun ümumi dəyəri 7 milyon avrodur. Məruzəçi qeyd etmişdir ki, bizim üçün olduqca sevindirici haldır ki, Prezident İlham Əliyev bölgəyə səfəri çərçivəsində sentyabrın 19-da Şəkidə olmuş, rayonun ən iri heyvandarlıq müəssisəsi olan “Aqro-İndastrit” MMC-nin süd emalı zavodunun açılışında iştirak etmişdir. Dövlət başçısı Cənubi Qafqazda ən iri heyvandarlıq müəssisəsində görülən işləri çox yüksək qiymətləndirmiş, bölgələrdə bu cür müəssisələrin yaradılmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirmişdir. Məruzəçi hesabat dövründə rayonda aparılan tikinti-quruculuq işləri barədə də məlumat vermiş, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 24 mənzilli yaşayış evinin sakinlərin istifadəsinə verildiyini, 3500 yerlik şəhər stadionunun tikintisinin artıq başa çatdığını bildirmiş, Şin çayı üzərində ümumi uzunluğu 1350 metr olan körpünün tikintisinin davam etdirildiyini, Aydınbulaq kəndində 220 şagird-yerlik yeni məktəb binasının istifadəyə verildiyini, yaxın günlərdə daha 5 kənddə yeni məktəb binalarının şagirdlərin istifadəsinə veriləcəyini nəzərə çatdırmışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev adına parkın genişləndirilməsi istiqamətində işlər artıq başa çatdırılmış, parkda yeni yaşıllıqlar salınmış, fəvvarələr, attraksionlar quraşdırılmışdır. İndi bu park şəhər sakinlərinin ən sevimli istirahət yerinə çsvrilmişdir. Məruzədə həmçinin, əhalinin enerji, mavi yanacaq, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər barədə danışılmış, mövcud problemlərə və onların həlli yollarına toxunulmuşdur. Şura iclasında çıxış edən idarə və müəssisə rəhbərləri, iş adamları, ziyalılar bir mənalı şəkildə qeyd etmişlər ki, rayon əhalisi Azərbaycan Prezidentinin şəkililərə olan həssas münasibətini, etimadını bundan sonra da öz fəaliyyətləri və əməli işləri ilə doğrultmağa çalışacaq, ölkəmizin daha da qüdrətlənməsi işinə öz töhfələrini verəcəklər.






Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti ( http://sheki-ih.gov.az/news.php?extend.101 )

Комментариев нет: