суббота, 25 октября 2008 г.

DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN (DAK) QULAMRZA ƏMANİNİN QƏTLİ ILƏ BAGLI B Ə Y A N A T I

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olan Qulamrza Əmani dünən (24 oktyabr 2008) tarixində Azərbaycanın Güneyində – Təbrizdə, iki qardaşı ilə birlikdə şübhəli şəkildə qətlə yetirilmişdir. Təbrizin girişində şəxsi avtomobilində İranın Sepah Pasdaranına məxsus yük maşınının törətdiyi “qəza” nəticəsində qəddarcasına qətlə yetirilən Qulamrza Əmani İran İslam rejiminin növbəti qurbanlarından biridir. Hadisə yerində iki qardaşı həlak olmuş Qulamrza bəy, ağır bədən xəsarəti ilə Təbrizdəki İmam xəstəxanasına aparılsa da onu ölümdən xilas etmək mümkün olmamışdır. Xatırladaq ki Qulamrza Əmani 1973-cu ildə Azərbaycanın Güneyində anadan olmuşdur. Təbrizdə Kənd Təsərrüfatı Universitetini bitirmiş, mühəndis ixtisasına yiyələnmişdi. Gənc yaşlarından milli problemlərə maraq göstərən Qulamrza bəy, 1997-ci ildən Güney Azərbaycan Milli Hərəkatında fəal iştirak etməyə başlamışdı. O, milli fəaliyyətinə və siyasi baxışlarına görə dəfələrlə ETTELAAT tərəfindən həbs edilmiş, ağır fiziki və ruhi işgəncələrə məruz qalmışdır. Qulamrza Əmani beş ildən artıq həbs cəzası çəkmiş, lakin həbs və işgəncələr onun iradəsini sındıra bilməmiş, əksinə millətinin haqlarını daha əzmkarlıqla qorumaqda davam etmişdir. Son zamanlar İran Təhlükəsizlik qüvvələri Qulamrza Əmanini dəfələrlə istintaqa cəlb etmiş və onu ölümlə hədələmişlər. Nəhayət, faşist xislətli İran molla rejimi, Azərbaycanın seçilmiş övladlarından birini – Qulamrza Əmanini, avtomobil qəzasında vəhşicəsinə qətlə yetirməklə aradan götürmüşdür. Lakin Qulamrza Əmininin qətlə yetirilməsi ilə Azərbaycan Türklərini istiqlalçılıq, birlik və bütövlük yolundan çəkindirmək istəyənlər yanılırlar. Onlar bu kimi addımlarla milli mübarizənin daha kəskin və radikal müstəviyə çıxmasına səbəb olduqlarını anlamırlar. Dünya Azərbaycanlıları Konqresi (DAK) İran adlanan ölkənin hakimiyyətinin milli fəallara qarşı törətdikləri cinayətləri birmənalı şəkildə pisləyir, soydaşlarımıza qarşı vəhşi əməllərə son qoymağa və beynəlxalq təşkilatları bu ölkədə insan haqlarının kobud şəkildə pozulmasının qarşısını almağa çağırır. Ulu Tanrıdan, başda Qulamrza Əmani və qardaşları olmaqla, bütün şəhidlərimizə rəhmət, millətimizə səbr diləyirik. Tanrı, Türkü Qorusun!

DAK həmsədrləri: Məhəmmədrza Xəşti,
prof. Paşa Qəlbinur,
DAK fəxri başqanı prof. Qulamrza Səbri Təbrizi
DAK IH üzvləri 25 oktyabr 2008

Комментариев нет: