пятница, 7 ноября 2008 г.

ŞƏKİDƏ YENİ MƏKTƏB BİNALARI İSTİFADƏYƏ VERİLMİŞDİR

Noyabrın 5-də Şəki rayonunun Kosalı və Aşağı Kəldək kəndlərində dövlət vəsaiti ilə inşa edilmiş hər biri 80 yerlik yeni məktəb binaları istifadəyə verilmişdir. Kosalı kəndində yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik etmiş, məktəb kollektivinə təhsildə uğurlar arzulamışdır. Ölkəmizdə təhsil sahəsinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət başçısı tərəfindən hər daim yüksək diqqət və qayğı göstərildiyini xüsusi vurğulayan icra başçısının müavini, son 5 ildə Azərbaycanda 1300-ə yaxın yeni məktəb binasının tikilib istifadəyə verildiyini, o cümlədən Şəki rayonunda da 20 məktəb binasının inşa edildiyini, təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, təzə inventar və avadanlıqla təchiz edildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Kosalı kəndində indiyədək məktəb binası olmadığından məktəbyaşlı uşaqlar təhsil almaq üçün 4-5 kilometr aralıda yerləşən Çələbixan qəsəbə orta məktəbinə getmək məcburiyyətində qalırdılar. Kənd sakinləri, müəllimlər çıxış edərək kəndin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra yeni binaya baxış olmuşdur. Müasir standartlara uyğun inşa edilən yeni məktəb binasnda sinif otaqları ilə yanaşı, gimnastika zalı da yerləşir. Məktəb binası təzə inventar və avadanlıqla təchiz edilmiş, binada müasir istilik sistemi quraşdırılmışdır. Tikinti işlərini həyata keçirən “Xumar-98” tikinti firnasının inşaatçıları təhsil obyektini cəmi 3 ay müddətinə tikib başa çatdırmışlar. Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov iştirak etmişdir. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri daha sonra Aşağı Kəldək kəndində inşa edilmiş 80 yerlik yeni məktəb binasının da açılış mərasimində iştirak etmişlər. Mərasimdən sonra icra hakimiyyətinin başçısı Nazim İbrahimov məktəbin həyətində kənd sakinləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışdır.


Şəki Şəhər İcra Hakimiyyəti ( http://sheki-ih.gov.az/news.php?extend.106

Комментариев нет: