четверг, 4 декабря 2008 г.

ŞƏKİDƏ KİNOREJİSSOR RASİM OCAQOVUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR


Görkəmli kinorejissor və operator, xalq artisti Rasim Ocaqovun anadan olmasının 75 illiyi onun doğulub boya-başa çatdığı Şəki şəhərində böyük sevgi və məhəbbətlə qeyd edilmişdir.

Şəhər icra hakimiyyəti başçısının xüsusi sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, yubileylə əlaqədar noyabrın 29-da Şəkidə silsilə tədbirlər keçirilmişdir. Yubiley tədbirlərində sənətkarın ailə üzvləri, sənət dostları, respublikanın tanınmış incəsənət və mədəniyyət xadimləri, aktyorlar, habelə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Kinorejissor R.Ocaqovun 75 illiyinə həsr edilmiş yubiley tədbirləri görkəmli sənətkarın Şəki şəhərində doğulduğu mənzilə xatirə lövhəsinin vurulması mərasimi ilə başlanmışdır.Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova Şəkidə Azərbaycan kino mədəniyyəti tarixində özünəməxsus yeri olan, dövlət mükafatları laureatı, xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Rasim Ocaqovun 75 illiyinin qeyd olunmasını şəhərin mədəni həyatında olduqca əlamətdar hadisə kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, R.Ocaqovun yaradıcılığı Azərbaycan kino mədəniyyəti tarixində xüsusi bir mərhələni təşkil edir. O, 1933-cü il noyabrın 22-də Şəki şəhərində anadan olmuşdur. 1951-ci ildə Şəkidə orta məktəbi bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olmuşdur. 1956-cı ildə institutu müvəffəqiyyətlə başa vuran R.Ocaqov bütün ömrünü kino sənətinə həsr etmişdir. Əmək fəaliyyətinə operator kimi başlayan sənətkar daha sonra rejissorluq fəaliyyəti ilə məşğul olmuşdur. İlk rejissor işi olan “Qatır Məmməd” filmini 1974- cü ildə çəkmişdir. Sənətkarın sonuncu işi isə 1999-cu ildə çəkilmiş “Otel otağı” filmidir.Məlumat verilmişdir ki, şəhər icra hakimiyyəti başçısının imzaladığı xüsusi sərəncama uyğun olaraq, Şəkidə Rasim Ocaqovun büstü qoyulacaq, şəhərin ən böyük küçələrindən birinə, habelə uşaq yaradıcılıq mərkəzinə görkəmli kinorejissorun adı veriləcəkdir. Tədbirdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Xamis Muradov, Azərbaycan Professional Rejissorlar Gildiyasının sədri, kinorejissor Hüseyn Mehdiyev, R.Ocaqovla uzun müddət bir yerdə çalışmış operator Kənan Məmmədov, sənətkarın bir sıra filmlərində əsas rollara çəkilmiş respublikanın xalq artisti Hacı İsmayılov çıxış edərək, görkəmli sənətkarla bağlı xatirələrini danışmışlar. Qeyd olunmuşdur ki, kino mədəniyyəti ənənələrimiznin zənginləşdirilməsinə böyük əmək sərf etmiş R.Ocaqov dünya kinematoqrafiyasının ən yaxşı ənənələrini Azərbaycan kinosuna gətirmişdir.Sonra xatirə lövhəsinin üzərindəki ağ örtük götürülmüş, önünə gül-çiçək düzülmüşdür. Daha sonra yubiley tədbiri Şəki Dövlət Dram Teatrında davam etdirilmişdir. Teatrın foyesində təşkil edilmiş “Mən kinoda sözümü demişəm” adlı foto sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Tədbir iştirakçılarına “Şəki-İpək” ASC-nin təsisçisi olduğu “Qafqaz plyus” jurnalının R.Ocaqova həsr olunmuş xüsusi buraxılışı təqdim edilmişdir. Teatrın zalında keçirilən xatirə gecəsində xalq artistləri Şəfiqə Məmmədova, Fəxrəddin Manafov, Hacı İsmayılov, Nuriyyə Əhmədova, kinoşünas Ayaz Salayev və başqaları çıxış edərək, kinorejissor Rasim Ocaqovun həyat və yaradıcılığından söz açmış, onunla baqlı xatirələrini bölüşmüşlər. Xatirə gecəsində şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov çıxış edərək, qonaqlara milli kinomuzun korifey sənətkarlarından olan R.Ocaqovun Şəki şəhərində keçirilən yubiley tədbirlərində yaxından iştirak etdiklərinə görə minnətdarlığını bildirmiş, görkəmli sənətkarın ailə üzvlərinə şəkililər adından xatirə hədiyyəsi təqdim etmişdir.

Комментариев нет: