воскресенье, 11 января 2009 г.

ŞƏKİ SU ELEKTRİK STANSİYASINDA ELEKTRİK ENERJİSİ İSTEHSALI 3 DƏFƏ ARTMIŞDIR

Yeni güc avadanlığı istismara verildikdən sonra “Şəki Su Elektrik Stansiyası”nda istehsal olunan elektrik enerjisinin miqdarı 3 dəfə artmışdır. Əgər 2007-ci il ərzində stansiyada 1 milyon 418 min kilovatsaat elektrik enerjisi istehsal olunmuşdusa, keçən il bu göstərici 5 milyon 96 min təşkil etmişdir.

“Şəki Su Elektrik Stansiyası” ASC-nin sədri Aydın Xəlilov bildirmişdir ki, 1936-cı ildən fəaliyyət göstərən bu stansiya ötən dövr ərzində istehsal etdiyi elektrik enerjisini Azərbaycanın vahid enerji sisteminə ötürmüşdür. Stansiya 2003-cü ildə özəlləşməyə çıxarılmışdır. Müəssisənin səhmləri üzrə investisiya müsabiqəsinin qalibi “General Consruction” MMC bu nadir alternativ enerji mənbəyinin texniki imkanlarını daha da artırmaq məqsədi ilə burada xüsusi layihə əsasında əsaslı təmir və yenidənqurma işləri aparmışdır. Stansiyanı su ilə təmin edən Kiş çayı üzərindəki baş su hövzəsində yeni suqəbuledici və suçökdürücü qurğular tikilmiş, digər qurğular əsaslı təmir edilmişdir. Layihə çərçivəsində stansiyada Almaniyanın “Wasserkraft Volk AG”-KWV şirkətinin istehsal etdiyi 620 min avroluq 1,3 meqavat gücündə yeni güc avadanlığı - turbin-generator quraşdırılmışdır. Quraşdırma işləri alman mütəxəssislərinin nəzarəti altında həyata keçirilmişdir. Ümumiyyətlə, stansiyanın yenidən qurulmasına 2 milyon manatdan artıq sərmayə qoyulmuşdur.

Hazırda stansiyada hər ay orta hesabla 500-550 min kilovatsaat elektrik enerjisi istehsal edilir. Stansiya, eyni zamanda, Şəki şəhərinin içməli su ilə etibarlı təminatına da öz töhfəsini verir. Növbəti mərhələdə stansiyada əlavə güc avadanlığının quraşdırılması nəzərdə tutulur. Bu, enerji istehsalını daha 2 dəfə artırmağa imkan yaradacaqdır.

Комментариев нет: