среда, 8 октября 2008 г.

ABŞ-IN POPULYAR ESTRADA ARTİSTİ RENNİ KAUFMAN ŞƏKİ MUSİQİSEVƏRLƏRİNİN QONAĞI OLMUŞDUR

Azərbaycanda qastrol səfərində olan ABŞ-ın populyar estrada artisti Renni Kaufman bölgələrə səfər proqramı çərçivəsində oktyabrın 6-7-də Şəkidə olmuşdur. Tanınmış estrada artısti oktyabrın 6-da Şəki Dövlət Dram Teatrının salonunda musiqisevərlər qarşısında solo proqramla çıxış etmişdir. Konsertdən əvvəl şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək ABŞ səfirliyi ilə Şəki Şəhər İcra Hakimiyyəti arasında mədəniyyət və incəsənət sahəsində əlaqələrin uğurla inkişaf etdiyini qeyd etmiş, bu əlaqələrin inkişafındakı xidmətlərinə görə səfir Ann Dersə minnətdarlığını bildirmişdir. Belə konsertlərin keçirilməsinin artıq ənənə şəklini aldığını bildirən natiq 2007-ci ilin iyulunda ABŞ-ın “Dina Preston” kantri musiqi qrupunun, 2008-ci ilin iyununda isə “Poetica Musica” triosunun Şəkidə böyük müvəffəqiyyətlə çıxış etdiyini xatırlatmışdır. ABŞ səfirliyinin ictimai diplomatiya üzrə nümayəndəsi Dmitri Taraxovski səmimi qonaqpərvərliyə və yaradılan şəraitə görə şəhər rəhbərliyinə və musiqisevərlərə minnətdarlığını bildirmişdir. Renni Kaufmanın təqdim etdiyi solo konsert proqramı tamaşaçılar tərəfindən maraqla və hərarətli alqışlarla qarşılanmışdır. Konsertin sonunda qonağa şəhər rəhbərliyi adından xatirə hədiyyələri təqdim edilmişdir. Oktyabrın 7-də Renni Kaufman şəhərin görməli yerlərini gəzmiş, Şəki xanlarının sarayı, Yuxarı Karvansara memarlıq abidəsi, Kiş kəndindəki qədim alban məbədi, habelə Fazıl kəndində yerləşən qədim yaşayış məskəni- “Əbədi sükut dünyası” adlı labirintlə tanış olmuşdur. Səfərin sonunda tanınmış estrada artisti qədim Şəki ilə tanışlıqdan, musiqisevərlərlə görüşündən çox məmnun qaldığını bildirmişdir.

Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti ( http://sheki-ih.gov.az/news.php?extend.94 )

Комментариев нет: