четверг, 30 октября 2008 г.

YUNANISTAN HÖKUMƏTİNİN DƏSTƏYİ İLƏ ŞƏKİDƏ ENDOKRİNOLOJİ LABORATORİYA YARADILACAQDIR

Azərbaycanda yod çatışmazlığı və zob xəstəliyinin profilaktikası üzrə humanitar layihə həyata keçirən Yunanıstanın Patra Universitetinin əməkdaşları ölkəmizə növbəti səfər çərçivəsində oktyabrın 28-də Şəkidə olmuşlar.
Layihənin rəhbəri həkim-endokrinoloq Neoklis Georqopoulos şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovla görüşündə səfərin məqsədinə toxunaraq bildirmişdir ki, yunanıstanlı mütəxəssislər artıq 10 ildir ki, Azərbaycanda yod çatışmazlığının profilaktikası ilə məşğuldurlar. Məlumat verilmişdir ki, Azərbaycanın bəzi regionlarının, xüsusilə şimal-qərb bölgəsi rayonları əhalisinin yod çatışmazlığından daha çox əziyyət çəkdiklərini nəzərə alaraq, yunanıstanlı həkimlər layihənin icra müddətini uzatmağı qərara almışlar. Yunanıstan hökumətinin dəstəyi ilə son illər Şəkidə səhiyyə sahəsi ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini, rayonlararası vərəm dispanserinin əsaslı təmir olunduğunu, burada müasir rentgen aparatının quraşdırıldığını nəzərə çatdıran qonaq, sözügedən layihənin ikinci mərhələsində bu şəhərdə regional endokrinoloji laboratoriyanın yaradılmasının nəzərdə tutulduğunu bildirmişdir.
Sonra yunanıstanlı mütəxəssislər Şəki şəhərinin səhiyyə müəssisələri ilə tanış olmuşlar. Regional laboratoriyanın mərkəzi rayon xəstəxanasının binasında yaradılması məqsədəuyğun hesab edilmişdir. Yunanıstan tərəfi mərkəz üçün ayrılmış 3 otağı yüksək səviyyədə təmir etməyi, habelə UZİ aparatı və digər avadanlıqla təchiz etməyi öz öhdəsinə götürmüşdür. Bundan əlavə, mərkəzdə çalışacaq həkimlərin bir neçəsinin 2009-cu ilin sonunda Yunanıstanda təşkil olunacaq treninqlərdə iştirakı da nəzərdə tutulur.


Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti
( http://sheki-ih.gov.az/news.php?extend.103 )

Комментариев нет: