четверг, 4 декабря 2008 г.

İsrail İmamlının 3-cü Vergi Olimpiyadasında müvəffəqiyyətli çıxışı!

«Vergilər» mövzusunda III Respublika olimpiadası keçirilmişdir
12.12.2008

Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 14 ali məktəbin tələbə və magistrantları arasında "Vergilər" mövzusunda III Respublika olimpiadası keçirilmişdir. Ənənə halını almış bu tədbir həm tələbələrin, həm də müəllimlərin marağına səbəb olmuşdur. Artıq 3-cü ildir ki, tam obyektiv şəraitdə keçirilən olimpiada çox böyük əhəmiyyət kəsb edir. Ötən iki il ərzində yalnız Bakı şəhərində yerləşən ali məktəblərin tələbələri arasında keçirilən olimpiadaya bu il respublika üzrə iqtisadiyyat ixtisası olan bütün ali məktəblərin tələbə və magistrantları cəlb olunmuşdular. Belə ki, olimpiadada Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Beynəlxalq Universiteti, Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Bakı Biznes Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Mingəçevir Politexnik İnstitutu və Lənkəran Dövlət Universitetinin 200-dən cox tələbə və magistrantı iştirak etmişdir. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin tədris məsələləri üzrə prorektor əvəzi, professor Damət Bağırov olimpiada iştirakçılarını salamlamış, son illərdə vergilər fənninin tədrisində müşahidə olunan uğurlardan bəhs etmişdir. Ümummilli lider Heydər Əliyevin məşhur "Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik" fikrini bir daha səsləndirən natiq bununla ulu öndərin iqtisadiyyatın mühüm tərkib hissəsi olan vergilərə nə qədər ciddi önəm verdiyini qeyd etmişdir. O, vergilər fənninin tədrisi işində Vergilər Nazirliyinin göstərdiyi dəstəkdən çox məmnun olduqlarını diqqətə çatdırmışdır. D.Bağırov ölkə iqtisadiyyatının inkişafında, dövlət büdcəsinin təmin olunmasında böyük rola malik olan vergi sistemində bacarıqlı kadrların çalışdığını və tələbələrin bu sahəyə marağının böyük olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, belə tədbirlərə tələbələrin böyük həvəslə qatılması onu deməyə əsas verir ki, gələcək məzunlar arasında bu sahədə yüksək biliklərə malik mütəxəssislər yetişəcək. D.Bağırov olimpiadanın Azərbaycan Dövlət İqtisad Universitetində keçirilməsindən məmnun olduqlarını ifadə etmiş və iştirakçılara uğurlar arzulamışdır. Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi, baş vergi xidməti müşaviri Yaşar Kəlbiyev isə öz çıxışında olimpiadanın vergilərlə bağlı ali məktəblərdə tədris olunan biliklərin dərinləşməsinə və vergi fənninin tədrisnin keyfiyyətinin artırılmsına müsbət təsiri barədə danışmışdır. O, əvvəlki illərə nisbətən, bu il olimpiada iştirakçılarının sayının və əhatə dairəsinin xeyli genişləndiyini də qeyd etmişdir. Y.Kəlbiyevin sözlərinə görə, artıq ənənə halını almış olimpiadanın nəticələri onu deməyə əsas verir ki, ildən-ilə tələbələrin vergi ixtisasına marağı artır və bilikləri daha da genişlənir. Bu isə universitetlərdə vergi fənninin tədrisinə mühüm əhəmiyyət verildiyindən xəbər verir. Y.Kəlbiyev bildirmişdir ki, bu tədbir ictimaiyyət arasında vergi mədəniyyətinin yüksəldilməsinə, orta və ali məktəblərdə vergilərlə bağlı biliklərin dərinləşməsinə müsbət təsir göstərir. Y.Kəlbiyev çıxışının sonunda olimpiadanın keçirilməsi qaydalarını tədbir iştirakçılarına ətraflı izah edərək onlara uğurlar arzulamışdır. Sonra olimpiada iştirakçıları auditoriyalara bölünərək iki saat ərzində sualları cavablandırmışlar. Qeyd edək ki, hər bir olimpiada iştirakçısı üçün ayrı-ayrılıqda suallar tərtib olunmuşdu. Sual kitabçalarında, demək olar ki, bütün vergi istiqamətləri üzrə suallar qoyulmuşdu. Qeyd edək ki, olimpiada test üsulu ilə keçirilmişdir. İmtahan başa çatdıqdan sonra olimpiadanın nəticələri Vergilər Nazirliyinin Tədris Mərkəzinin mütəxəssislərinin hazırladığı xüsusi kompüter proqramları və avadanlıqlar vasitəsilə qiymətləndirilmişdir. Bundan sonra olimpiadada iştirak edən tələbə və magistrantların iştirakı ilə nəticələrin elan olunması və qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. Mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin tədris məsələləri üzrə prorektor əvəzi, professor Damət Bağırov "Vergilər" mövzusunda keçirilən olimpiadanın təşkilinin tarixindən və onun əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, Vergilər Nazirliyi tərəfindən son illər ərzində ali və orta məktəblərdə vergilərin tədrisi ilə bağlı məqsədyönlü və ardıcıl işlər həyata keçirilir. Belə ki, ali və orta məktəblər üçün dərsliklər hazırlanmış, ali təhsil ocaqlarında vergilər fənninin tədrisinə hərtərəfli köməkliklər göstərilmişdir. Artıq Azərbaycanın bir çox nüfuzlu ali təhsil ocaqları vergi ixtisası üzrə tələbə qəbul edir, bu istiqamətdə ayrıca kafedralar yaradılır. Bu isə vergilərin cəmiyyətdə və ölkənin sosial-iqtisadi həyatında artan rolu ilə izah edilir. Daha sonra çıxış edən Vergilər Nazirliyinin Aparatının rəhbəri, baş vergi xidməti müşaviri Asif Cahangirov vergi orqanları qarşısında qoyulan vəzifələrdən danışmış, ən mühüm işlərdən biri kimi əhalinin, xüsusilə gənc nəslin vergi mədəniyyətinin, vergi biliklərinin yüksəldilməsi işinə diqqətin artırılması olduğunu qeyd etmişdir. A.Cahangirov bu dəfəki bilik yarışının bütövlükdə ciddi rəqabət şəraitində keçdiyini söyləmişdir. Onun sözlərinə görə, iştirakçıların topladığı ümumi bal və göstərdikləri nəticələr belə söyləməyə əsas verir ki, tələbələr arasında vergilər mövzusu getdikcə daha çox populyarlıq qazanmaqdadır və sevindirici haldır ki, ötən müddət ərzində gənclərin vergi bilikləri kifayət qədər yüksəlmişdir. A.Cahangirov istər tələbələrin fərdi olaraq, istərsə də ali təhsil ocaqlarının bütövlükdə əldə etdikləri ümumi göstəricilərin əvvəlki illərin müvafiq göstəricilərindən yüksək olduğunu vurğulamışdır. Belə yüksək nəticələrin əldə olunmasında möhtərəm Prezident cənab İlham Əliyevin müstəsna rolundan danışan natiq gənc nəslin daha yüksək biliklər əldə etməsi istiqamətində dövlət tərəfindən atılan məqsədyönlü addımların onların üzərinə daha çox məsuliyyət qoyduğunu bildirmişdir. Sonra olimpiadanın nəticələri elan olunmuşdur. Tələbə və magistrantlar arasında "Vergilər" mövzusunda keçirilən 3-cü Respublika olimpiadasının nəticələrinə görə, 1-ci yerin qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi (165 bal) Nurlan Nəcəfov olmuşdur. İkinci yeri isə iki nəfər - Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri - 162 balla Ceyhun Tağıyev və 157 balla Elzamin Kazımov tutmuşlar. Üçüncü yerə 3 nəfər layiq görülmüşdür. Onlar Qafqaz Universitetinin tələbəsi (157 bal) İsrayıl İmamlı, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri (156 bal) Günel Behbudova (156 bal) və Aynur Süleymanova olmuşlar. Sonra olimpiadanın qalibləri diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Mükafatları Vergilər Nazirliyinin Aparatının rəhbəri Asif Cahangirov və Azərbaycan Dövlət İqtisad Universitetinin tədris məsələləri üzrə prorektor əvəzi Damət Bağırov təqdim etmişlər. Onu da qeyd edək ki, olimpiadanın nəticələrinə və qaydalarına uyğun olaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin "Vergi və vergiqoyma" kafedrasının dosenti, iqtisad elmləri namizədi Ramiz Məhərrəmov da tələbəsi ən yüksək nəticə göstərən müəllim kimi mükafatlandırılmışdır. Tədbirin sonunda qaliblərdən olimpiada haqqında fikirlərini öyrəndik. Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurlan Nəcəfov (1-ci yer): "Birinci yeri tutduğuma görə böyük sevinirəm. Vergi sahəsinə marağım böyük olduğu üçün oxuduğum ixtisası mənimsəmək üçün çox çalışıram. Bu olimpiada mənim üçün bir növ biliklərimin sınağı oldu. Başda Vergilər Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi olmaqla, bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Əminəm ki, biz tələbələrə yaradılan belə yüksək şərait gələcəkdə öz sözünü deyəcək". Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Ceyhun Tağıyev (2-ci yer): "Açığı, bu olimpiadaya çox hazırlaşmışdım. Olimpiadaya qatılan tələbələrin hər biri maksimum nəticə əldə etməyə çalışırdı. Buna görə də bilik yarışması gərgin keçdi. Məncə, öhdəsindən gələ bildim. Digər tərəfdən, dostlarım arasında da qalib olduğu üçün daha çox sevincliyəm. Mən də, öz növbəmdə, təşkilatçılara və bu işdə əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm". Qafqaz Universitetinin tələbəsi İsrayıl İmamlı (3-cü yer): "Mən də bu olimpiadada qalib olduğuma görə çox böyük sevinc hissi duyuram. Ümumiyyətlə, mənim uşaqlıqdan iqtisadiyyat sahəsinə marağım böyük olub. Çalışıram, bu ixtisas üzrə keçirilən bütün bilik yarışmalarında iştirak etməklə özümü sınayım. Bu dəfəki sınaq mənim üçün uğurlu oldu. Gələcəkdə də "Vergilər" mövzusunda keçirilən olimpiadalara qatılmaq niyyətindəyəm. Tədbirin təşkilatçılarından belə yarışmaları tez-tez təşkil etmələrini xahiş edir və onlara öz minnətdarlığımı bildirirəm".

Комментариев нет: